BÜTÜN PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜN OLAN ŞƏXSLƏRİN “28 MAY” ƏRMƏĞANI – EXOBAKU.COM-UN YAYIMI

ORJİNALI EXOBAKU.COM-DAN OXUYUN

 

cumhuriyyet men jpg

Öncəliklə onu bildirmək istəyirəm ki, oxuyacağınız bu yazıda başqaları kimi mən də tarixdən danışıb sizə şablon  məlumat vermək istəmirəm.  Məncə tarixin öz yeri, günümüzün öz yeri var.  Daha çox şanlı tariximizdən ruhlanaraq yola çıxararaq, sizə təqdim edəcəyim bu yazıda necə deyərlər, tarixlə günümüzün sintezini aparacağam.

1918-ci il, 28 Maydan bu yana (Sovet dövrü xaric) bu günlə bağlı bir çox dövlət, ictimai-siyasi  qurumlar və müəssisələr hər il demək olar ki eyni üslubda, ənənəvi tədbir şəklində, bayram şənlikləri təşkil edirlər. Tədbirlərin necə alınıb, alınmamasından asılı olmayaraq təşkilatçılar elə hesab edirlər ki, bununla hər şey bitir və onlar “28 mayın gerçək sahibləri” qarşısında öz borclarını ödəmiş, öhdəliklərini yerinə yetirmiş olurlar. Bu isə əlbəttə ki, o insanların 28 Maya olduqca bəsit, primitiv yanaşma tərzlərindən irəli gəlir. Bu yanaşmanınsa bilinən iki səbəbi var. Birincisi təşkilatçıların müəyyən qismi tamamən şəxsi mənafeyini düşünür və bir millətin tarixində önəmli yerə sahib olan bu müqəddəs gündən öz reklamları üçün istifadə edirlər.  Yaxud da xüsusi qüvvələr tərəfindən aldığı özəl əmrə görə məsələyə dırnaqarası yanaşırlar. İkinci səbəb isə odur ki, 25 ildir müstəqil olmağımıza baxmayaraq,  hələ də bir çox mövzuda olduğu kimi bu mövzuda da, özəlliklə milli təbliğat, dövlətçilik və millətçilik mövzusunda mərkəzləşmiş təbliğat sistemimiz yoxdur. Dövlətin ayrı-ayrı orqanları, bir sıra ictimai və siyasi təşkilatlar zaman-zaman bu yöndə bəzi işlər görməyə çalışsalar da bunun ümummilli təbliğata nəzərə çarpacaq dərəcədə faydası olmamışdır. Bu da ondan irəli gəlir ki, görülən işlərin çoxusu pərakəndə və qeyri-mütəşəkkil xarakter daşıyır. Belə olan təqdirdə isə bu yöndəki xırda məsələlər zaman-zaman böyüyür və tədricən ortalığa böyük bir təbliğatsızlıq problemi çıxır. Sırf buna görə də bir çox önəmli məsələlər kimi 28 Mayın təşkili, tanıtımı, təbliğatı, media üzərindən yayımı da yetərli səviyyədə deyil.

Əlbəttə ki, mən bu fikirlərimlə bu zamana qədər görülən və hal hazırda görülməkdə olan işlərə kölgə salmaq, təşkilatçılara hörmətsizlik eləmək, onların zəhmətini heçə saymaq fikrində deyiləm.

28 Mayın səbəbkarları, bilavasitə təşkilatçıları günümüz reallığından olduqca fərqli bir baxış açısına sahib insanlar olublar.  Onların yaşam tərzi, o dövrün şərtləri də indikindən qat-qat ağır və fərqli idi. Gənc yaşda,  müəyyən qədər təcrübəsiz olmalarına baxmayaraq, onlar hər cür əzab və əziyyətə qatlanaraq, öz həyatları bahasına, bütün şəxsi arzularından vaz keçərək, bu çətin,  keşməkeşli yola çıxdılar. Sonda əsl qəhrəman kimi zəfər çalaraq 28 Mayı tariximizə qızıl hərflərlə yazdılar. Onlar bu addımı atanda qətiyyən özlərini düşünmürdülər və günümüz reallığının bütün bəhanələrindən uzaq idilər. Məhz buna görə onların fəaliyyəti danılmaz, atdıqları addımlar müqəddəs, gördükləri işlər təsəvvür edilə bilməyəcək dərəcədə yüksək səviyyəyə malikdir. Onlar biz – gerçək millətçilərin gözündə tarixdəki bütün peyğəmbərlərdən üstün insanlardır. Hətta deyərdim onlar insanlıq tarixində yeni bir çağa imza atdılar. Zarafat deyil, Şərqdə ilk demokratik, müstəqil cümhuriyyətin əsasını qoydular, dünyada ilk dəfə qadınlara seçki hüququ verdilər, işğalçıları qısa müddətdə məğlub edib ölkənin ərazi bütövlüyünü təmin etdilər. Qadın-kişi bәrabәrliyini tәmin edərək cəmiyyətdə cinsi ayrı-seçkiliyə son qoydular. Bundan başqa milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilәr, beynәlxalq әlaqәlәr təşkil edərək beynәlxalq ictimayyәt tәrәfindәn rəsmi olaraq Azәrbaycan istiqlalının qısa müddətdə tanınmasına nail oldular. Onlar yalnızca Rəsulzadələr, Xoyskilər, Topçubaşovlar, Yusifbəylilər və başqaları deyildi. Onlar eyni zamanda xalqın milli iradəsinin timsalı olan, əsrlərin qəhrəmanı türkün ruhunun gerçək daşıyıcıları idi. Vətənin, millətin, dövlətin bütövlüyü, güclənməsi və dünyada tanınması uğrunda “uf” demədən canından keçən əsl vətən fədailəri olan o müqəddəs insanlar, həqiqətən də günümüzün reallığından uzaq, olduqca saf, peyğəmbəranə insanlar idi.  Onların bizlərə müqəddəs mirası olan “28 May” günümüzdə, real həyatımızda və bütün düşüncəmizdə layiqli yerini almalıdır.

Müstəqilliyimizdən 25 il keçməsinə baxmayaraq 28 Maya aid hələ də bir əllə tutulacaq olan milli-mədəni layihə yoxdur. Nə bədii, nə yüksək səviyyəli sənədli film, nə də bu sahədə digər bir milli-mədəni iş yoxdur. Bu, hər şeydən öncə şanlı tariximizə hörmətsizlik, milli kimliyimizə etinasızlıq, dövlətimizin gücünə və beynəlxalq nüfuzuna olduqca mənfi təsir deməkdir.

Bu vaxta kimi bu yöndə görülən işlərin yetərli vüsət almaması, tədbirlərin və layihələrin primitiv qaydada təşkili, təşkilatçıların işlərə etinasız və  könülsüz yanaşması, tanıtım və təbliğati işlərin olduqca zəifliyi millət və dövlət olaraq məncə artıq bizə dərs olmalıdır. Artıq bütün sistem kökdən dəyişilməli və bu yöndə sistemli, mərkəzləşmiş qaydada layihələr irəli sürülməlidir. Xüsusən də 28 Mayın təbliğatı doğru-dürüst təşkil edilməli, beynəlxalq media orqanlarından tutmuş, ölkə daxili bütün qurumlaradək, təhsil, sənaye, turizm, mədəniyyət, din, ictimai və bütün QHT sektorunda vahid bir sistem işləməlidir. Televiziyada və radioda, hətta müstəqil internet kanallarında heç olmasa bu gün bütün digər proqramları kənarlaşdırıb 24 saat sırf bu yöndə verilişlər hazırlanmalıdır. May ayı ərzində bütün muzeylərdə, sərgi salonlarında, bütün tarixi qoruqlarda 28 Mayla bağlı geniş işlər görülməli və ümummilli təbliğat naminə bir ay boyunca bütün xidmətlər pulsuz, xalqa açıq şəkildə təşkil edilməlidir. Özəlliklə müasir dövrün imkanlarından geniş istifadə etməklə bu yöndə internet resurslarında müəyyən təbliğat layihələri hazırlamaq, kinoteatr və televiziyalarda göstərilmək məqsədilə silsilə sənədli seriallar, bədii filmlər, hətta bədii seriallar belə çəkmək olar. Bundan başqa paytaxtın və böyük şəhərlərin mərkəzi küçələrində AXC-nin qurucuları, cümhuriyyətin var olduğu zamanlarda digər hökumət və dövlət orqanlarında çalışan bir çox dəyərli şəxslərin heykəlləri, büstləri, panoları, xatirə lövhələri qoyula bilər. Yəni ümummilli təbliğatı elə təşkil etmək lazımdır ki, bu gün elmdən, təhsildən uzaq hər hansı küçədə gəzən bir şəxsə də 28 Mayla bağlı sual verərkən, o, bizə bu barədə kifayət qədər məlumatlı olduğunu göstərsin. Bax o zaman bizim bütün problemlərimiz həll olar, xalqımız dərin bir nəfəs alar, dövlətimizin gücünə inanar, cəmiyyətimiz qısa müddətdə cahillikdən qurtular və ölkədə sistemli bir inkişaf gedər. Nəticədə biz həqiqətən anlarıq, dərk edərik ki, “28 May” bizim gerçək varlığımızdır! Çünki bu şanlı tarixdə bizim milli kimliyimiz, milli düşüncəmiz, milli məfkurəmiz və gələcək arzularımız yatır. Qüdrətli, bütöv Azərbaycan, ancaq öz tariximizə layiqli dəyər verərsək reallaşa bilər. 28 May isə bunun sadəcə bir nümunəsidir. Yoxsa hələ müqəddəs olub, amma dəyərini yetərincə dərk etmədiyimiz çox nişanəmiz var…

Elşən İsmayıl

Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatının Sədr Müavini və Mədəniyyət Şöbəsinin Rəhbəri

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s