HAZIRKİ PARTİYALAR ŞƏXSLƏRƏ, YOXSA XALQA XİDMƏT EDİR? -Azpress.az-ın yayımı

yeni face profil (Bao mən)

ORJİNALI AZPRESS.AZ-DAN OXUYUN

Bu yazımda sizlərlə müasir Azərbaycandakı təşkilatlar və partiyalar haqqındaki fikirlərimi bölüşəcəyəm. Ümidvaram öncəki yazılarımdakı səmimi və obyektiv baxışımı bu yazımda da görərsiniz. Mən bəziləri kimi partiya və təşkilatların adlarını çəkib nə qərəzli bir proses başlatmaq niyyətindəyəm, nə də digərləri kimi ucuz reklam arxasınca qaçmıram. Ona görə bu yazımda mən ad çəkmədən, sadəcə ip ucları verərək öz səmimi fikirlərimi bildirmək istəyirəm.

Ölkədə 50-dən çox nüfuzlu partiya və təşkilat xalqın milli və sosial qayğılarını gündəmdə tutaraq özlərini xalqın tərəfdarı və təəssübkeşi kimi göstərsə də gerçəklik tamam ayrı cürdür. Bu təşkilatların bir neçəsi hətta o qədər nüfuza malikdir ki, istənilən an müəyyən qədər ictimai rəyə təsir də edə bilir. Amma nədəndir bilinməz dövlət müstəqilliyimizdən 25 il keçməsinə baxmayaraq daima “demokratiya” çağırışçısı olan bu qurumlar dəqiq hansısa ümummilli bir problemi nə həll edə bilib, nə də xalq üçün həyati önəm daşıyan bir məsələnin həllini dövlət gündəminə, ümummilli müzakirəyə gətirə bilib. Səbəbsə çox sadədir. Onların müəyyən hissəsi ancaq və ancaq “sədr, başqan, rəhbər” əlində bir hakimiyyət vasitəsi, şəxsi mənafe xidmətçisi olduğu üçün ümummilli maraqlar onlardan uzaqdır. Daima mediada, sosial şəbəkələrdə sırf öz təbliğatlarını apararaq özlərini xalqa sırımaqla məşğul olan bu partiya və təşkilat rəhbərləri “işlərini görərək”, siyasi oyunlar oynayaraq ölkə gündəmində qalmağı “mübarizə”, özlərini reklamı “qəhrəmanlıq”, rəqiblərini tənqid və təhqir etməyisə düşmən üzərində “qələbə” sayırlar. Amma bir şeyi nəzərə almırlar ki, illərdir müəyyən vasitələrlə aldadıb adından sui-istifadə etdikləri millət, xalq onların hesab etdiyi qədər cahil, düşüncəsiz, siyasətdən anlamaz bir toplum deyil. Bölgədəki xalqlar içərisində bəlkə də tarixinə və inkişaf səviyyəsinə görə ən irəli toplum bizik, bizlərik. Sadəcə başımızda olmaq istəyənlərin bəziləri normal insani düşüncədən və vicdandan yoxsul olduğu üçün bunu daima göz ardı edir və ya görə bilmir. Zaman və el gözü isə həmişə olduğu kimi öz ədalət prizmasını dəyişmədən, pozmadan o nadanlara öz layiqli qiymətini verəcək.

Azərbaycanda illərdir dəyişməyən müxalif təbliğat cəbhəsi var. O cəbhə nəinki düşmən hesab etdiyi “qarşı tərəfə” qarşı, hətta zaman-zaman cinah-cinaha yol getdiyi, çörək kəsdiyi şəxslərə, qruplara qarşı da mənasız bir kin bəsləyir. Mənasız ona görə dedim ki, illərdir nəticəsi olmayan bir təbliğat, nəticəsi olmayan bir mübarizə sistemi, ənənəvi “liderlik” xəstəliyi, “kreslo davası” sözdə deyilən, dillərdən düşməyən, daim gündəmə gələn bu xalqa heç bir xeyir vermir və belə getsə bundan sonra da verməyəcək. İşi-gücü ancaq özündən olmayanları və ya bəyənmədiklərini tənqid və təhqir etmək olan bu “siyasilər” normal istənilən insanda ruhi xəstə, dəli və ya daxilən tükənmiş adam təsviri yaradır. Onlar zaman-zaman nəinki adından öz şəxsi “oyunları” üçün istifadə etdikləri xalqın, həmçinin bəzən öz həmkarlarının da qıcıq obyekti olurlar və müəyyən zaman çərçivəsində tədricən daxilən və xaricən bitir, tarixin paslı qatlarında yox olurlar.

Partiya və təşkilat rəhbərliyi hələ xalq gözündə uğur qazanmaq deyil. Uğur, daima adından istifadə edilən xalqın həqiqi, saf arzularını nəzərə almaq, onuncun çalışmaq və ən əsası müəyyən bir problemini həll etməkdir. Keçən 25 il ərzində ən sadə və ən çox gündəmə gələn Dağlıq Qarabağ problemini hər hansı bir layihə, tutanaq və ya referendum məsələsi kimi hazırlayıb dövlətə, illərdir ancaq təhqir etdikləri hakimiyyət qüvvələrinə təqdim etməyiblər. Halbuki hər addımbaşı bəhanələri “iqtidar uzlaşmaya gəlmir” və ya bu kimi fikirlər olur. İqtidar qüvvələrinin də günahı az deyil, bu ən azından müxalifəti bir real güc kimi görməmək və ya kimliyindən asılı olmayaraq müəyyən səbəblərlə “damğa vurmaq” və s. məsələlərdə özünü göstərir. Hər iki tərəfin bir-birinə qarşı hörmətsiz və qeyri-səmimi yanaşması bu zaman qədərki problemlərin həll edilməməsinə və nəticədə xalqın əziyyət çəkməsinə səbəb olur. Əgər partiya və təşkilatların bünövrələri sağlam maraqlar, milli mənafe və xalqın güzəranı üzərində qurularsa o zaman istər iqtidar, istər müxalifət, istərsə bitərəf mövqeli partiyaların varlığı “Show” xarakterli deyil, bir çox demokratik cəmiyyətlərdəki kimi gerçək siyasi güc olar. Və bundan da həmişə xalq qazanar.

Amma bütün problemlər yalnız yuxarıda qeyd edilənlər deyil. Bugün bir çox partiya və təşkilatların həqiqi mənada siyasi güc ola bilməmələrinin, müəyyən dərəcədə siyasi güc olanların da xalq tərəfindən normal qəbul edilməməsinin və ümumiyyətlə partiya-təşkilat sisteminə hələ də xalqın tam inana bilməməsinin əsas səbəblərindən bir neçəsi qurumların əksəriyyətinin ənənəvi prinsiplər əsasında irəliləməsi, fəaliyyətlərinin artıq müasir standartlara uyğun olmaması və ən əsası rəhbərlərinin müasir, texnoloji biliklərə malik gənclər deyil, keçmiş qaydalarla yaşayan və keçmiş, artıq arxa plana atılmış elmlərə malik insanlar olmasıdır. Bu da normal olaraq bütün cəmiyyətin inkişafına təsir göstərir. Və hazırki partiya və təşkilatların timsalında bu xalq normal inkişaf səviyyəsinə də yüksələ bilmir. Ona görə də çox zaman öz xırda problemlərini belə həll etməkdə aciz qalaraq hər hansı xarici qüvvələrə möhtac olur. Beləliklə müəyyən zaman keçdikdən sonra ölkədə milli problem yaranır. Bu isə millətin və dövlətin gələcək varlığını təhlükəyə atır.

Son olaraq bu yazını oxuyacaq olan hər kəsə sual vermək istəyirəm. Sizcə, hazırki partiyalar şəxslərə, yoxsa xalqa xidmət edir? Dərindən düşündüyümüz zaman görərik ki, bu sual müasir təşkilat sisteminin əsil təsvirini yaradır və həqiqətən də yaranmış olan bütün problemlərin həllini özündə əks etdirir. Məndən bu qədər… Siz isə – əziz və dəyərli xalqım, bir şeyi dəqiq bilin, problemlərinizin həlli kimsələrin şəxsi maraqlarında deyil, sizin həyata baxışınızda və yaşam arzunuzda gizlidir. Yəni öz probleminizi istəsəniz özünüz həll edə bilərsiniz, sadəcə buna cəhd etmək lazımdır…

Elşən İsmayıl

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s