12 MAQ (3 hissəli tarixi, milli-ideoloji, fəlsəfi-mistik hekayə) *BİRİNCİ HİSSƏ*

12 maq

12 MAQ

(3 hissəli tarixi, milli-ideoloji, fəlsəfi-mistik hekayə)

 

Qeyd: Bu hekayənin yazılmasında elmi məqalələr və tarixi faktlarla yanaşı, bir çox milli rəvayətlər, xalq dastanları, əfsanələr və eyni zamanda müstəqil yazar təxəyyülü rol oynamışdır.

 

Hekayənin fon musiqisi (hekayənin tam məğzini anlamaq, ruhunu duymaq və təsvir edilənləri daha aydın şəkildə qavramanız üçün hekayəni bu musiqinin fonunda oxumanız məsləhətdir):

 

https://www.youtube.com/watch?v=qsqcmRNODwQ

 

*BİRİNCİ HİSSƏ*

 

Təxminən 500 il əvvəl… Azərbaycanın cənubu. Ərdəbil… Artıq xeyli yaşlanmış və fiziki ehtiyaclarını çətinliklə ödəyə bilən Ağa Dərviş (şərti addır) sübh tezdən evinin pəncərəsindən gözünə düşən gün işığına oyandı. Öncə bir müddət kal-kal günəşə, evinə, ətrafına baxdı. Sonra naməlum bir gülümsəmə yarandı üzündə. Əgər qıraqdan durub biri ona baxsaydı, Ağa Dərvişi dəli, ya da yadına nə isə düşmüş biri zənn edərdi. Ancaq həqiqət başqaydı: Ağa Dərviş gecə gördüyü möhtəşəm yuxunun təsirindən hələ ayılmamışdı. Amma əsas məsələ yuxu da deyildi. Dərvişin yaşlanmış çöhrəsindəki qeyri-adi nurun səbəbi (onun fikrincə) Ulu Tanrının günəş vasitəsilə ona doğru baxması – gülümsəməsi və gecə yuxusunda gördüyü İlahi Qüvvənin ona dedikləri idi…

Hər şeyi ard-arda xatırladı: röyasında Ağa Dərvişə Tanrı öncə ildırım, sonra iribədənli, mavi gözlü (mifik) boz qurd olaraq, daha sonra isə insan cildində, yəni əfsanəvi Xızır Sultan timsalında görünmüşdü. Mavi əbalı, Xızır Sultan Ağa Dərvişin önündə çox möhtəşəm və zamanda gözlə görülməzsə təsviredilməz şəkildə möhtərəm bir görünüşdə dayanmışdı. Əlində qırmızı əsa, ayaqlarında yaşıl çarıq var idi. Ağa Dərviş onun güclü tərzdə ətrafa saçan nurunun qarşısında birtəhər tab gətirib amiranə səsinin sədalarıdan bihuş olmuşdu. Keçən hər saniyə möhtəşəmlik və bir o qədər də ağırlıq hiss etdirən Həzrət Dərvişin içdən-içə ona yalvarmasına şərait yaradırdı. Xızır Sultan isə, indi Dərvişin gülümsəməsindən on qat, bəlkə də yüz qat daha saf, daha möhtəşəm və təsviredilməz dərəcədə yüksək, ali bir İlahi Nurla gülümsəyirdi. O, nə dedisə, Ağa Dərviş hamısını hərfbəhərf yadında saxlamışdı. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də Həzrətin özüylə qarşılaşdığını, o anda duyduğu hissləri, yaşadığı xoşbəxtliyi və bir o qədər dərin əzabı unuda bilməmişdi. Bəli. Bu, Dərvişin ard-arda gördüyü sayca yeddinci yuxu idi. Hər birinin ifadə şəkli eyni olsa da (məkan, tərz olaraq), səslənən fikirlər və Xızırın üzündəki nurun elementləri (daha çox mimikası) bir qədər fərqli idi. Necə ki, öncə güclü, qorxulu, şiddətli bir ildırım, ardından vahiməli, nacaq bir qədər də güvən (inam) verən nəhəng, mavi gözlü boz qurd, daha sonra… Bəli. Sonrası elə möhtəşəm idi ki, Onu təsəvvür etmək belə çətin idi. Nəinki kiməsə anlatmaq və ya yazmaq…

Ağa Dərviş bir neçə saat yuxunun və üzünə düşən günəşin şüalarının təsirindən ayıla bilmədi və elə hey dayanmadan məchul bir nöqtəyə baxıb gülümsədi. Birdən üzündəki gülümsəməni anlaşılmayan qəmli ifadə, ardından hönkürtülü, izləyəcək olanların ürəyini parçalayacaq ağır bir ağlaşma əvəz etdi. Bəli. Dərviş çox qarışıq duyğular içindəydi. Ömrünü həs etdiyi, qəlbən inandığı, uğruna canını hər an fəda etməyə hazır olduğu inanc sahibinin – Qutlu Ruhun – Böyük Yaradanın – Ulu Tanrının ona bu qədər yaxın olacağını gözləmirdi. Çünki o, Həzrəti qarşılıqsız və tamamilə saf bir məhəbbətlə sevirdi. Düşünmürdü ki, bu sevginin əvəzi hər hansı bir şəkildə ödənilməlidir. Ancaq qəlbinin dərinliyinə, ruhuna, şah damarına sahib olan Ulu Tanrı Onun yolunda addımlayanları, hər şeyi – dünya malını, fani qayğıları bir kənara qoyub Onun üçün hər vəchlə çalışanları, Onun həqiqətini, varlığını saf bir iradəylə təbliğ edənləri, dünyada, kainatda yalnız bir hakimə – Ona xidmət edənləri, Onun yolunda Sufi, Dərviş olanları başqa kimsələri ödülləndirməyəcək tərzdə (ali güc və xoşbəxtlik duyğusu ilə) mükafat sahibi etmişdi. İndi Dərviş varlığının mənasını, yaranış həqiqətini və içini – bütün ruhunu bürüyən Tanrı sevgisini daha dərindən anlayır, hiss edirdi. Və bu gözyaşıları da mahiyyətcə bayaqkı gülümsəməsindən fərqlənmirdi. Bəli. Köz kimi qızarmış gözlərindən qırışmış üzünə süzülən yaşların, gilələrin səbəbi bəlli idi: bu gözyaşıları tamamilə sevinc, xoşbəxtlik ifadəsi idi…

Günortadan xeyli keçmiş, axşama doğru Ağa Dərviş bir Cəm Evinin (cami, məscid və s. ibadət məkanı mənasında) qapısında göründü. Bayaqdan bir-birilərinin və özlərinin ətrafında durmadan dövr edib “Bismişah – Allah, Allah, Allah” və s. ifadələrlə, müxtəlif qədim milli alətlərin (tar, kamança, qopuz, qaval, tütək və s.) müşaətilə rəqs edən (dini-fəlsəfi qaydada) və Müqəddəs Yeddi Ulu Ozanın (Nəsimi, Yəmini, Füzuli, Şah İsmayıl Xətai, Virani, Pir Sultan Abdal, Qul Hümmət) xüsusi qayda (dini-fəlsəfi) və avazla oxuyaraq gerçək batini (ruhi, ibadətin daxili mahiyyəti) inanclarını yaşayan Sufilər onu görcək biranlıq yerlərində qeyri-ixtiyari tərzdə donub qaldılar. Çünki illərdir çiyin-çiyinə vətən, millət, din uğrunda birlikdə mübarizə apardıqları (dərin kəşfiyyat və təbliğati yöndən) bu Uca şəxsi tanıya bilmədilər. Nə baş vermişdisə, Ağa Dərviş tamamilə dəyişilmişdi. Dünən yaşlı, qoca, gözaltı torbalaşmış, çöhrəsi çökmüş, arıq, çəlimsiz bir kəs olan Dərviş bu gün tam fərqli bir xarici görünüşdəydi. Cəm əhli şokdaydı. Əgər baxışından, hiss etdikləri ruhundan anlamasaydılar, əsla onun həmfikir olduqları qutlu yoldaşları Ağa Dərviş olduğunu bilməyəcəkdilər. Keçən bir neçə saat ərzində canına can, qanına qan gəlmiş, çöhrəsi aydınlaşmış, saçı-saqqalı nuraniləşmiş, bədəni iriləşmiş, nisbətən dolğun bir vücuda sahib olan Ağa Dərviş evində olduğu kimi yenə gülümsəyirdi. Qarşısındakı can yoldaşlarının ona necə heyrətli və donuq üz ifadəsiylə baxdıqlarını görəndə isə anidən kövrəldi və ağlayaraq onların qoynuna yürüdü. Sufi canlar həp birlikdə qol-boyun olub gözlərini bir anda sel-su kimi yuyub-aparan yaşla, səslərinin həzin ifadəsiylə dostlarına dəstək oldular. Növbəti bir neçə saat baş verənlərin təsirindən ayılmayan Cəm əhli Ağa Dərvişin yuxuda gördüyü və ona nəql edilən (Hökm Sahibi tərəfindən) qutsal rəvayətlərin dinləyicisinə çevrildi. Bir anda hər kəs varlığını unudub qutlu xoşbəxtliyə varan, Mürşidi-kamil mərtəbəsinə yüksələn (onların fikrincə) Ağa Dərvişin müridləri (izləyiciləri, onun izindən gedən, davamçıları mənasında) oldular. Ağa Dərvişsə öz növbəsində böyük məsuliyyət, yüksək sevinc və dərin hüzn hissiylə olub keçənləri bir-bir danışdı…

Minillər bundan öncə… Yer üzündə  Ulu Tanrının qutsadığı (müqəddəs ruhuyla əzizlədiyi) bir budun (qədim Türkcə: millət) yaşayırdı. Bəli. Söhbət məhz yüzillərlə dünyaya Tanrı ədalətini və həqiqətini yayan, özünü fəxrlə və eşqlə onun əri (əsgəri) elan edən, məzlumların pənahı, zalımların düşməni Qutlu İrq – Türklərdən gedir…

Azərbaycanda – o vaxtlar qədim Oğuz diyarında Qutlar (Qutsanmışlar) adlanan böyük bir soy (tayfa) yaşayırdı. Bütün varlıqlarını Tanrıya, onun saflardan saf eşqinə, ululardan ulu, qutlu ruhuna, dərin və böyük mərhəmətinə, Uca ədalətinə adamış, dörd cəhətə (Güney, Quzey, Doğu, Batı), Yeddi Cahana (qədim dünyavi-siyasi təsvir) hökmranlıq edirdilər. Düşmənləri zalımlar, dostları məzlumlar idi. Harada bir Türkün burnu qanardısa, əvəzini ən az yeddi yağının (düşmənin) başını bədənindən ayırmaqla çıxardılar. O vaxt ki, onlar bir idilər, hürr idilər…

 

*** *** ***

Sağım, solum bəlli olsun,

Ruhi yaşım əlli olsun,

Mən Qutlu Yol yolçusuyam,

Qutlu Ruh təsəlli olsun!

 

*** *** ***

Beş min ildir “Hü!” deyirəm,

Dayanmadan hey gedirəm,

Yol yoldaşım Xızır Sultan,

O, nə dersə, mən edirəm…

 

*** *** ***

Soydan Oğuz Xanam, Dədə,

Göy Tanrıya bağam, Dədə,

Tarix mənəm, sirr içrəyəm,

Mən Qam, Şaman, Maqam, Dədə…

 

*** *** ***

Müqəddəs Qırxlar olmuşam,

Cəm olmuşam, Var olmuşam,

Yeddi Ozandan söz alıb

Səkkiz elə yar olmuşam…

 

*** *** ***

“Ha!”-dan gəlib “Hü!”-yə gedən,

Tar, saz ilə muğam edən,

Mən elə bir saf Dərvişəm,

Hətta “mey”-i halal edən…

 

*** *** ***

Mən Tanrının həqiqəti,

Dörd Ünsürün rəvayəti,

Qüdrətim var, yönədirəm

Mən hökm ilə Dörd Cəhəti…

 

*** *** ***

Mən Şeyxi-Şah ruhundayam,

Həllac Mənsur yolundayam,

Fəzlullaham, Nəsimiyəm,

Sufiliyin yanındayam…

 

*** *** ***

Bir vaxt Zülfüqar qılıncı,

Haqq dərgahı, On İkinci,

Yaranışın şifrəsiyəm,

Həm öncəyəm, həm sonuncu…

 

*** *** ***

Mən Şahın Arslanıyam,

Kamilliyin karvanıyam,

Tanrı səsi – İsmayılam,

Mən Türklüyün ad-sanıyam…

 

*** *** ***

Mən “Ənəlhəqq!” derəm, bilin,

Davamıyam Maniliyin,

Mən Məzdəkəm, Xürrəmiyəm,

Azər, sönməz odam, gəlin!

 

*** *** ***

Uzun, incə bir yoldayam,

Nə öndəyəm, nə daldayam,

Qəlbimdə yox ayrı sevda,

Tanrı üçün mən qaldayam…

 

*** *** ***

Üzüm yoxdu – Qələndərəm,

Odda yanmaz Səməndərəm,

Ergenekon əfsanəsi –

– Mavi gözlü Bozqurd mənəm…

*** *** ***

 

Qut eli Azərbaycanda dövlətin, xalqın, millətin hamiləri (qoruyucuları), Qutlu İnancın gerçək sahibləri – şəxsi adları kimsəyə bəlli olmayan, üzlərini yalnız barmaqla sayılacaq qədər çox az insanın gördüyü, bütün varlıqlarını, yaşamlarını müqəddəs bildikləri dəyərlərə (dövlətə, millətə, inanca) həsr edən və bu Qutlu Ülkü üçün ta bələkdə ikən seçilən (özlərindən öncəkilər tərəfindən), Yaranışın, Doğanın (Təbiətin), bütün varoluş fəlsəfəsinin gerçək mahiyyətini, özünü, gizli kodlarını bilən, bütün dünyavi elmlərdən agah olan, ətrafdakılar tərəfindən “Müqəddəs On İkilik”  adlandırılan on iki Maq yaşayırdı. Onların varlığı və fəaliyyəti o qədər gizli idi ki, bir yerə toplandıqlarında belə fərqlənmək üçün (çünki o zamanın xüsusi qaydalarına əsasən, üzlərini yalnız öz aralarında açardılar, buna baxmayaraq xarici görünüşləri ciddi fərqlənmirdi – üzlərindəki tükləri bilərək və könüllü şəkildə yandırmışdılar) bir-birilərinə rəqəmlərlə (sıra ilə) müraciət edirdilər. Elə bir müddətdən sonra özləri də adlarını unudub rəqəmlərə inanmağa başlamışdılar…

O dövrün yadelli (xarici, düşmən anlamında) bir müddətdən sonra (təxminən 300 il) xüsusi kəşfiyyat və cəsusluq fəaliyyəti nəticəsində uzun illər qalib gələ bilmədikləri dövlətin daxili orqanları, yəni əsas təməl daşları olan qurum və şəxsləri ciddi və dərindən araşdıraraq “Onlar” haqqında ancaq və ancaq bircə şeyi öyrənə bilmişdilər, o da – Onların (Maqların) başdan ayağa ağ geyimə büründüyü idi. Düşən filosoflar və din xadimləri bunun mənasını belə açıqlayırdılar: – “çox yəqin ki, onlar arınmışlar (pak insanlar) və ali mərtəbə (dini və insani olaraq) sahibləridir!”. Başqa bir mənbə isə Maqlar haqqında belə deyirdi: – “heç vaxt üzlərini görmədiyimiz o “Ağpaltarlılar” ya Tanrının mələkləri, ya da Tanrı Dərgahının qoruyucusu – qutsal şəxslərdir. Və onlara toxunmaq olmaz!”…

Təxminən 5000 (beş min) il bundan öncə bir yadelli hökmdar Qut Elinə hücuma hazırlaşır. Yürüşə çıxmazdan əvvəl bu diyar haqqında öyrənmələri və hər şeyi ən xırda detalına qədər dəqiqliklə çatdırmaları üçün böyük bir “səyyahlar” ordusunu (cəsusları) Azərbaycana (müxtəlif vaxtlarda olmaq şərtilə) göndərir. Nəhayət, geri dönən çox az cəsus (əksəriyyəti Qut Elinin qurumları tərəfindən aşkarlanıb məhv edilmişdi) bir neçə məlumat əldə edir…

Düşmən sarayı… Hökmdar xeyli fikirli və əsəbi halda taxtında oturmuşdu. Çünki məlumat toplamaq göndərdiyi onlarla cəsusundan cəmi bir neçəsi geri dönə bilmişdi (canlarını güclə qurtarmışdılar). Və gələnlər heç də ürəkaçan xəbərlər gətirməmişdilər… Hökmdarın qarşısında böyük qorxu və acizlik hissiylə oturmuş cəsuslar Azərbaycandan gətirdikləri məlumatları verdikdən sonra Hökmdardan böyük ənam (hədiyyə və s.) xəyal etsələr də, hazırkı gərgin vəziyyət bunun tam əksini vəd edirdi. Hökmdarın əsəbdən qızarmış gözləri, gərilmiş bədəni və çatılmış qaşları onlar üçün heç də xeyir əlaməti deyildi. Bu halda sahiblərindən nəsə istəmək ağılsızlıq olardı. odur ki, indi onlar sadəcə izn istəyib bir qədər gözdən itmək və uzun, yorucu, ağır tapşırıqdan sonra azacıq da olsa, dincəlmək istəyirdilər. Ancaq Hökmdarın bir müddət cansıxıcı sükutundan sonra onlara səslənişi cəsusları sanki dərin bir yuxudan oyatdı:

– Ordu, xəzinə, xalqın güzəranı haqqında verdiyiniz məlumatlar nə qədər vacib olsa da, bu dəqiqə məni daha çox Türklərin dərin dövlət yapısı və təhlükəsizlik sistemi maraqlandırır. Çünki ulu babalarım məhz bu xüsusi məsələlər üzündən xeyli vaxt Türklərə məğlub olmuş və Oğuz yurduna girə bilməmişdir. Sizlərinsə bu sahədə bilgiləriniz çox azdır… – deyə, Hökmdar ittihamedici baxışlarla onları süzdü.

Bu məqamda cəsuslardan biri irəli gələrək bir məsələ ilə özünü müdafiə etmək istədi:

– Hökmdarımızın ömrü uzun olsun! Dövlətimizin varlığı daim sürsün! İcazə versəydiniz, bir mətləbi nəzərinizə çatdırardım. – çox böyük çətinliklə, acizanə şəkildə qeyd etdi.

Bir qədər mülayimləşmiş, gərginliyi azalmış Hökmdar sanki bir anlıq ölümü gözə alaraq ona vacib məlumatlar gətirmək üçün göndərdiyi cəsusların yad eldə nələr çəkdiyini düşündü və öz ruh halı ilə onları sıxdığını hiss etdi. “Buyur!” dedi nisbətən asta tonla. Ardından bayaqkı cəsus:

– Əlahəzrət, bilgimə görə, Onlar təxmini on iki nəfərdirlər. Xüsusi geyimləri, bir-birilərini və ümumi dövləti xüsusi qaydada qoruma sistemləri var. İbadətləri, dini inancları da çox fərqlidir. Bizimkinə qətiyyən bənzəmir. Ümumiyyətlə, sırf Onların bütün yaşamı elə yerli əhalidən də fərqlənir. Dəqiq bir məlumatım yoxdur, amma ümumi araşdırmalarımın son nəticəsi olaraq düşünürəm ki, Onlar dövlətin daxili və xarici kəşfiyyat, təbliğat və əsas ali məşvərət orqanı kimi fəaliyyət göstərirlər… – deyə, xüsusi anlatma tərzi ilə Hökmdarın diqqətini çəkməyə çalışan cəsus vurğuladı…

O dövr cəsusların işi çox məşəqqətli və tam gizli idi. Nəinki kəşfiyyata getdikləri ölkədə, eləcə də öz yurdlarında onlara şəxsən tapşırıq verən dövlət başçısından və onun güvəndiyi “özəl şəxslər”-dən başqa onları kimsə tanımazdı. Gətirdikləri hər yeni məlumat müqavilində hökmdardan çox böyük mükafat (kq.-la qızıl və s.) aldıqları üçün heç vaxt bilgiləri sahiblərindən başqa bir kimsəylə paylaşmazdılar. Bu da onların tam sağlam rəqabət aparmasına şərait yaradırdı. Baxmayaraq ki, hərdən aralarından öz qazancıyla yetinməyən tamahkarlar çıxırdı və digərlərinə hər yolla mane olmağa çalışırdı (hətta cəsarət edib ifşa etdikləri cəsus yoldaşlarını belə öldürməkdən çəkinmirdilər bəzən). Amma gec-tez belə hallar rəhbərlik tərəfindən aşkarlanırdı və günahkarlar layiqli cəzalarını alırdılar. Sonrakı illərdə cəsuslara başa salındı ki (digərlərinin qazanclarına göz dikməmələri üçün), hər yeni məxfi məlumat vacibliyinə və dövlət əhəmiyyətinə görə, iki qat (hər zamankindən) ənamla mükafatlandırılacaqlar. Fırıldaqçılıq və s. addımlar atmağa çalışanlar isə ən ağır cəza – ölüm hökmü ilə qarşılaşacaqlar.

İndi digərlərinin böyük qısqanclıq və hətta nifrətlə baxdığı bu cəsus təkəbbürlü dodaqaltı gülümsəməsi və sinəsini nisbətən daha irəli verməsiylə həm cəsus yoldaşlarından üstün olduğunu, həm də ondan ənam alacağı Hökmdara “xüsusi” bacarığını, biliyini sübut etmək istədi. Odur ki, gecikmədən əlavə etdi:

– Hökmdarımızın ömrü uzun olsun! İzn versəydiniz, mən araşdırmama davam edərdim. Çünki düşünürəm, bu bilgilərimi yeniləyə bilsəm, sizə və dövlətimizə xidmətimi çox böyük fəxarət hissiylə davam etdirə bilərəm.

O, indi düşünürdü ki, digərlərinin məlumatlarının azlığı və natamamlığı onların növbəti fəaliyyətini sona çatdıracaqdır. Bəlkə də bu nüansı yoxlamaq üçün son bilgilərini verməyə tələsmirdi. Çünki onun gözündə cəsus yoldaşları rəqibdən başqa bir şey deyildilər və onların fəaliyyətinin Hökmdar tərəfindən sona çatdırılması onun nüfuzunu və qazancını artıracaqdı.

Hökmdarın bir müddət dərin sükut içində olanları təhlil etməsi və qərar verməsisə hər şeyi – saraydakı abı-havanı dəyişdi (uzun illər idi ki, onlar Oğuz elinə hücuma cəsarət edə bilmirdilər). Və yüksək səslə o, qərarını dedi:

– Eşidin və agah olun, tezliklə rəşadətli ordumuz Oğuz elinə hücuma keçəcəkdir. Mən atam və babamdan fərqli olaraq, o mənfur düşmənlə üz-üzə gəlməyə hazıram. Və heç nədən qorxmuram. Qısa zamanda bütün döyüş hazırlıqları bitəcək və Böyük Yürüş başlayacaqdır. Belə olanda isə sizlər bir qədər istirahətdən sonra dərhal Azərbaycana gedəcəksiniz. Onların bütün qüsurlarını, düşmənimizin əsas zəif damarını öyərənəcəksiniz! Bu dəfə uğurunuz arzuedilən olsun deyə, tələb edirəm, ayrı-ayrı deyil, vahid bir komanda şəklində fəaliyyət göstərib hər işdə hər zaman bir-birinizə kömək edəsiniz! Və ordumuz düşmən torpağına ayaq basdığı zaman sizin gətirdiyiniz bilgilər mənim qarşısıalınmaz və dəhşətli silahım olmalıdır!

Bəli. Bu qərar cəsusları heç də sevindirmədi. Onların bir-birinə olan qısqanclığı və kini indi özünü daha qabarıq şəkildə büruzə verməyə başladı. Cəsusların heç biri digəriylə birləşmək fikrindı deyildi. Çünki belə olan halda Hökmdarın yanında nüfuzları da, ondan alacaqları qazancları da bölünəcəkdi. Amma nə etmək olar, sahibi-divanın hökmü bəlli idi. İndi qalır eqoist xislətləri ilə mübarizə aparıb bu əmrə baş əymək və dövlət xatirinə birlikdə yenidən düşmən diyarına getmək…

Oğuz eli Azərbaycanda isə vəziyyət daha gərgin idi. Bu gərginliyin əsas səbəbi də, hökumətin düşmən cəsuslarından vaxtından əvvəl xəbərdar olmaması, yəni Müqəddəs On İki Maqın fəaliyyətinin zəifləməsi, çox böyük (dövlət təhlükəsizliyi səviyyəsində) səhv buraxması idi. İlkin etibarilə elə də böyük görünməyən bu qüsurun nəticəsi çox ağır ola bilərdi. Tezliklə düşmən yurdu işğal etməyə cəhd edəcəkdi. Və bu cəhdin qarşısını necə alacaqları hələ ki məlum deyildi. Çünki sağ qalan, öz hökmdarlarına pənah aparan düşmən cəsuslarının kimliyi, yurdda öyrəndikləri bilgilərin dərinliyi və cəsusluq fəaliyyətlərinin şəkli (ümumiyyətlə heç nə) kimsəyə bəlli deyildi. Ona görə “dövlətin və millətin gerçək qoruyucuları” təcili bir böyük toplantı qərarı aldılar…

 

BİRİNCİ HİSSƏNİN SONU…

ARDI TEZLİKLƏ SAYTIMIZDA…

 

ELŞƏN İSMAYIL

Gənc ədib və kino insanı

 

 

elshanismayil tarafından yayımlandı

GƏNC ƏDİB VƏ KİNO İNSANI

Yorum bırakın