Qadının göz yaşları (mənzum dram xarakterli hekayə) / OLAYLAR.AZ-ın yayımı

qadinin-goz-yaslari

ORJİNALI BURADAN OXUYUN

 

O:

İndi dur.

Aç əllərini yanlara doğru,

Quc taleyini,

Gəl, quc, sən məni…

QADIN:

Söz verirəm, daha ağlamayacağam,

Sənə yas saxlamayacağam.

Öləcəm,

Amma ağlamayacağam…

O:

Səni düşündükcə titrəyir bədənim,

Əsir əllərim…

Fikrimdə-zikrimdə ancaq sən varsan.

Bir də sənin şirin xəyalın…

QADIN:

Sus!

Danışma heç nə,

Fikrimdən çıxartmaq istəyirəm səni.

Qəlbimdən sadəcə atmaq…

O:

Necə də yanılırsan,

Hissə qapılırsan.

Hə, bir də əsəb…

İçindəki intiqam hissinin yaratdığı əsəb dalğası…

QADIN:

Axmaqsan, axmaq.

Məni sevdiyin, əziz tutduğun üçün…

Bəli. Sən axmaqsan…

Və axır qəlbimdən də çıxacaqsan.

Var olan hər şeydən çıxdığın kimi…

O:

Bu həyatda tək günahım,

Səni atıb getməyim oldu…

Yoxsa səni sevməyim elə gözəldi ki,

Yazda açan tər çiçəklər kimi…

QADIN:

Axır ki, öldürdün sən məni.

Ruhumu, bütün bədənimi…

Axı unutmaq niyə bu qədər çətindir

Kədər sıxır, sıxır

Qəlbimi, hər şeyimi…

O:

O gül qoxulu vücudun,

Elə gülün ruhu tək özəldir ruhun…

Ah, necə də gözəlmiş sənə sahib olmaq…

İndisə nəsibim ancaq ağlamaq, ağlamaq…

QADIN:

Get daha.

Tanımıram mən səni.

Unutdum, eşidirsən, unutdum artıq…

İstəyirsən yerdə qal, istəyirsən göyə çıx,

Özün bilərsən…

 O:

Bilirəm, çox ağırdır.

Yoxluğum səni acıdır.

İnan ki,

Məni də sənsizlik məhv edir…

QADIN:

Göz yaşlarıma heyfim gəlir,

Bu qədər ağlamaq axı niyə?

Sən ki vəfasızsan.

Gərək yox, vəfasıza ağlamaq…

O:

Bəlkə də haqlısan.

Mənimtək vəfasız…

Məntək biganə bir insan

Yox olub torpağın qaranlığında.

Qəlibimin acısı dinmir ki, dinmir,

Könlüm axtarır həqiqət aralığında,

Səni və sən deyə bütün xəyalları…

 

  • Deyərək “O” birdəfəlik yox oldu. Məzar başında ağlayan qadınsa yavaş-yavaş damcılayan yağmurun təsiriylə qalxdı. Ayaqları qıc olmuşdu. Amma təpər tapıb getdi. Oradan uzaqlaşdı. Gecənin qaranlığında, ay işığında azacıq görünən simasında kədər vardı. Bəli. Kədər. Ancaq içdən-içə sevinirdi. Ürəyi bir qədər rahatlamışdı, çünki deyəsən, artıq istədiyi olmuşdu. Son sözünü deyə bilmişdi vəfasız sevgilisinə…

    Düz bir həftə əvvəl evlənmə təklifi təxminiylə (qadın belə düşünürdü) “O”, qadını bir kafeyə dəvət etmiş, əvəzində isə qadına verdiyi sadəcə əlvida məktubu oldu. Getdi. Bir daha dönməmək üçün getdi. Anaq son dəfə gözlərinə baxdı. İllərdir sevdiyi qadının ay çöhrəsindəki o məzlum cizgiləri gördü. Amma acımadı. Acıya bilmədi. Çünki getməsəydi xəyanət edəcəkdi, illərin saf sevgisinə, bəlkə də özünə…

    Onun bir adı yoxdu. Qadın onu sadəcə “O” deyə xatırlayır. Ürəyini verdiyi, bütün ruhunu, bədənini və qadınlıq namusunu etimad etdiyi onu…

    Ayrılmağında bir səbəb əsas idi. Taleyin kirli oyunu. Dörd il dalbadal gözəl anlar yaşayan ikilinin arasını nə sosial problemlər, nə cəmiyyətin mənasız düşüncələri, nə də başqa şey ayırmadı. Sadəcə xəstəlik, bəli, qarşısı alınmaz və mübarizə edilməz ağır xəstəlik. Bunu isə qadın sadəcə ayrıldıqlarından bir ay sonra bildi. O da dəfnində…

    İndi o anları xatırlamağın yəqin ki, heç bir anlamı yoxdu. Yox ki, artıq hər şey bitmişdi. Ona görə ki, ömrünə bir ay qalmış bəlkə də özünə layiq bilmədiyi üçün (çünki əks halda sırf mənəvi dayaq olsun – deyə deyərdi. Axı necə də olmasa, onlar dörd möhtəşəm ili bir yerdə keçirmişdilər.)…

    Eqoist və lovğa insanlar tək ölürlər. Bəli, bu məhz belədir. Onların yarısı çarəsizlikdən, yarısı da sadəcə belə istəyir deyə… Çarəsizlikdən, ona görə ki, dünyaya ancaq bir baxış bucağından baxan adam gec-tez təbii olaraq toplumdan uzaqlaşır və tənha həyata məhkum edilir… “Belə istəyirlər”, ona görə ki, həyatla ölümün arasında inanılmaz və təsvirolunmaz bir həzz duyğusunu kimləsə bölüşmək və ya kiminsə onlara əngəl olmasını görmək istəmirlər…

    Qadın onsuz son bir ayda nə qədər arıqlamış, çöhrəsi solğunlaşmış, fikirdən saçlarının yarısı ağarsa da, yenə də həyata əzmlə tutunur, yaşamağa çalışırdı. Amma vəfasızlığı, “O”-nun vəfasızlığını unuda bilmirdi. Axı niyə, hər şey belə bitməliydi… Qadının sual dolu gözləri ağlamaqdan köz kimi qızarmışdı. Bu günsə tənha addımlarla irəlilədikcə sanki hava da onun dərdinə şərik olurdu. Yağış öz rəşadətli damcılarını mübarizlik və məhrəmlik duyğusuyla birlikdə qadına doğru göndərirdi. Və sanki uzaqlarda bir səs elə hey pıçıldayırdı:

İndi dur.

Aç əllərini yanlara doğru,

Quc taleyini,

Gəl, quc, sən məni…

Qadın durmadan irəliləyir, məzarlıqda danışdığı ruhun sözlərini, ümumiyyətlə hər şeyini unutmaq istəyirdi. Gözlərisə həmişə olduğu kimi sözünə baxmır, ağlayırdı.

    Qadının göz yaşları torpaq altda yatan vəfasız sevgilini fəlakət dolu bir sel kimi qorxudur, ondan sanki vəfasızlığının intiqamını alırdı…

 

Elşən İsmayıl

13 yanvar 2017

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s